ENSO

El Niño - Cənub rəqsi iqlim modelinin (El Niño - Southern Oscillation, ingilis dilində) beynəlxalq səviyyədə işlədilən abbreviaturası. Bu təbii hadisə atmosferlə okean arasındakı əlaqənin ən aydın təzahürüdür. Bu, mənfi fazası El Niño, müsbət fazası La Niña olan iri miqyaslı ikimodlu rəqsdir. ENSO epizodunun başlanğıcı Fransız Polineziyasında Taiti ilə Avstraliyanın şimalındakı Darvin arasında səth təzyiqinin əhəmiyyətli anomaliyaları, eləcə də mərkəzi və şərqi ekvatorial Sakit okean zolağında dəniz səthi temperaturlarının anomaliyaları ilə qeyd olunur. İqlimşünaslıqda ENSO-nun müəyyən fazasının nə zaman başladığını müəyyən etmək üçün Cənub rəqsi indeksi (SOI adı ilə tanınır) istifadə olunur. Bu indeks adı çəkilən yerlərdə ölçülən atmosfer təzyiqlərinin standartlaşdırılmış fərqi ilə verilir. Normal şəraitdə - neytral ENSO ilə - təzyiq Darvində Taitidən aşağı olur və bu, Sakit okean hövzəsinin şərq hissəsinə külli miqdarda su buxarı daşıyan şərqdən qərbə hava axınını (passat külək rejimi) saxlayır, Avstraliyanın şimalı və qonşu Papua-Yeni Qvineya və İndoneziya üçün xarakterik olan yağışlı hava yaradır. El Niño şəraitində hövzənin hər iki tərəfindəki təzyiq fərqi zəifləyir, passatlar da eyni şəkildə zəifləyir, nəmli havanın yuxarı axınları azalır və okean axınları dəyişir, adı çəkilən zolaqda səth dəniz suyu isinir. Bütün bunlar Sakit okean regionunda külək modellərini və yağıntı rejimlərini nəzərəçarpacaq dərəcədə dəyişir. Avstraliya quraqlıqlar yaşayarkən, hövzənin digər tərəfində, Cənubi Amerikanın ekvatorial zolağının qərb sahilində daşqınlara səbəb olan leysan yağışlar baş verir. La Niña hadisəsi (ENSO-nun müsbət və ya soyuq fazası) zamanı məhz əksi baş verir. Hər iki fazada ENSO-nun təsiri Sakit okean hövzəsi ilə məhdudlaşmır, təsirləri hiss olunan dünyanın daha çox regionu mövcuddur.