küləklər gülü

Müəyyən müddət ərzində hava stansiyasında və ya rəsədxanada ölçülmüş müxtəlif külək istiqamətlərinin nisbi tezliklərinin təsvir olunduğu ulduz formalı diaqram. İstiqamətlər üzrə qruplaşdırılmış müxtəlif sürət aralıqlarının tezlikləri də göstərilə bilər. Sakitliyə uyğun faiz gülün mərkəzində çəkilmiş dairənin içində qeyd olunur. Külək cihazlarla ölçülməyə başlamazdan çox əvvəl əsas küləklərin rumbları ilə ilk küləklər gülləri tərtib edilmişdi və onların əsas məqsədi dənizçilərə dənizdə istiqamət tapmağa kömək etmək idi. Qədim küləklər gülləri müxtəlif mədəniyyətlərdə görünür və zamanla mürəkkəbləşmişdir. Klassik dövrdə yunan şairi Homer (e.ə. VIII əsr) Odisseyada The Odyssey dörd əsas küləkdən (Boreas, Evr, Not və Zefir) ibarət, dörd əsas istiqamətə uyğun yerləşdirilmiş gülü xatırladır. Filosof Aristotel (e.ə. IV əsr) 8 rumbdan, Timosfen (e.ə. III əsr) 12 rumbdan, Roma memarı Vitruvi (e.ə. I əsr) isə 24 rumbdan ibarət gül yaratmışdır. Bu gün istifadə olunan 32 rumblu gül ilk dəfə Mayorkalı coğrafiyaşünas və kartoqraf Abraham Kreskesə (XIV əsr) aid edilən orta əsr dünya xəritəsində təsvir olunmuşdur, baxmayaraq ki, bəzi mənbələr onun ixtirasını yenə də mayorkalı olan Ramon Lluya (təq. 1232-1315 və ya 1316) aid edirlər. Yuxarıda qeyd olunan 32 rumblu küləklər gülü 8 əsas küləyi (dördü əsas istiqamətləri göstərir, digər dördü isə yan küləklərdir), 8 yarım küləyi (kollateral) və 16 dörddəbir küləyi (quartas) əhatə edir.

Əlaqəli terminlər: Küləyin istiqaməti