Tropik siklon
Öz adından göründüyü kimi, tropik zonada əmələ gələn siklondur, lakin bu ad yalnız tropik depressiyadan və tropik fırtınadan fərqləndirən özünəməxsus xüsusiyyətlər qazanmaq üçün kifayət qədər inkişaf etmiş siklon sisteminə verilir. Həmin alçaq təzyiq sistemləri cütü də siklondur, lakin tropik siklon statusuna çatmır. Tropik siklon üçün sinonim kimi hurricane (qasırğa) terminini işlətmək çox yayılıb, lakin bu adla yalnız Atlantik hövzəsinin tropik zolağında və Sakit okeanın şərq hissəsində əmələ gələnlər adlandırılmalıdır. Digər okean hövzələrində əmələ gələnlər bəzi yerli terminlərdən başqa digər ümumi adlar alır (tayfunlar, siklonlar). Tropik siklon həmişə iki tropik arasında və ya ara-sıra subtropik zonada yerləşən isti sular üzərində əmələ gəlir. Diametri bir neçə yüz kilometrə çatır, ölçüsü birindən digərinə çox dəyişir. Peykdən baxdıqda çox səciyyəvi spiral forma alır, mərkəzi hissəsi buludsuzdur, "göz" adlanır, diametri bir neçə on kilometrdir; burada atmosfer təzyiqi ən aşağı qiymətinə çatır (bir çox hallarda 900 hPa-dan aşağı) və küləklər zəif olur. Gözü iri kumulonimbuslardan ibarət ilk halqa əhatə edir və burada sağanaq yağışlar yağan qalın bulud divarı əmələ gətirir. Bu ilk halqanın ardınca digərləri gəlir, onlar bir-birindən çox güclü davamlı küləklərin əsdiyi konsentrik dəhlizlərlə ayrılır. Ən güclü ani küləklər göz divarının xarici hissəsində müşahidə olunur. Bütün bu xarici zona boyunca güclü ildırım fəaliyyəti olur. Tropik siklonun yaratdığı davamlı küləklərin intensivliyindən asılı olaraq ona mümkün beş kateqoriyadan biri verilir. Bu küləklərin intensivliyi 119 km/saata bərabər və ya ondan yüksək olduqda qasırğa statusuna çatılır (Saffir-Simpson şkalası).