Daimi donmuş torpaq (permafrost)

Beynəlxalq səviyyədə daimi donmuş torpaq üçün işlədilən ad. O, ingilis dilindəki permanent (daimi) və frost (şaxta, buz) sözlərinin birləşməsindən yaranıb. Bu, tərkibindəki suyun il boyu tam və ya qismən donmuş vəziyyətdə olduğu, qalınlığı dəyişkən olan torpaq, yəni yer, süxur və ya hər ikisinin qarışığı, eləcə də üzvi maddələrdən ibarət laydır. Permafrost Yer kürəsinin yay istiləşməsinin torpaqdakı buzu tam əridə bilmədiyi soyuq yerlərində mövcuddur. Adətən illik donma-ərimə dövrünün təsir etdiyi səth qatının altında daimi donmuş torpağın alt layı yerləşir. Son onilliklərdə Şimal yarımkürəsinin yüksək enliklərində (qlobal istiləşmənin ən güclü təzahür etdiyi yerlərdə) temperaturların yüksəlməsi torpaqdakı buzun mövsümi ərimə dərinliyinin getdikcə artmasına səbəb olur. Bu hal atmosferə böyük miqdarda metan və CO2 buraxılması ilə nəticələnir.