buzlaq
Qarın yığılması, sonradan sıxılması və yenidən kristallaşması nəticəsində relyefdə əmələ gələn xeyli qalınlıqlı buz kütləsi. Bütün kütlə yavaş hərəkətə malikdir və yamac boyunca aşağı axır. Buzlaqlar yüksək dağlıq ərazidə əmələ gələn qar hövzəsində (sirk) yaranır. Buz kütləsi (dil) yamacla aşağı hərəkət etdikcə çatlayır və böyük miqdarda qayalıq material (morena) sürükləyir, axdığı vadini aşındırır və genişləndirir. Buzlağın təkamülü əsasən hava temperaturunun və yağıntıların davranışından asılıdır. Hazırda Yer kürəsindəki buzlaqların əksəriyyəti kütlə itirir və nəticədə geri çəkilir; bu isə qlobal istiləşmənin aydın əlaməti kimi qiymətləndirilir.