turşu yağışı

Damcılarında suyun havada olan çirkləndirici qazlarla kimyəvi birləşməsi nəticəsində həll olmuş turşuların olduğu yağış. Turşu yağışı buna görə də atmosfer çirklənməsinin nəticəsidir. Həm təbii səbəblərdən (vulkan püskürmələri), həm də antropogen səbəblərdən (atmosferə emissiyalar) yarana bilər. Kömür və digər qalıq yanacaqların yanmasından əmələ gələn həm azot oksidləri (NOx), həm də müxtəlif kükürdlü qazlar atmosferdəki su buxarı ilə reaksiyaya girərək azot turşusu (HNO3), sulfat turşusu (H2 SO4) və ya sulfit turşusu (H2 SO3) kimi müxtəlif turşular əmələ gətirir ki, onlar bulud damcılarına, oradan isə onların daxilində əmələ gələn müxtəlif hidrometeorlara qarışır. Turşu yağışı (və ya qar) Yer səthinə düşdükdə bu kimyəvi maddələr onun üzərinə çökür və bitki örtüyünə zərərli təsir göstərir, torpağın və suyun turşulaşmasına səbəb olur.